Xəbərlər

Könüllərə oxşayan KÖNÜL

“And olsun Qələmə və yazdıqlarına”
(Quran, Qələm surəsi, ilk ayə)
 
Ey könül, yarı istə, candan keç,
Səri-kuyin gözət, cahandan keç!

(Məhəmməd Füzuli)

Mən burada hörmətli alim Könül Bünyadzadənin fəaliyyətini dəyərləndirmək niyyətində deyiləm. Sadəcə Cabir Novruzun “Sağlığında qiymət verin insanlara, yaxşılara sağlığında yaxşı deyin” fikrindən ilhamlanaraq, öz subyektiv düşüncələrimi paylaşıram. Filosofluq bacarığı və istedadı insanlarda və xüsusən xanımlarda hardan və necə yaranır sualına, dünyada mövcud olan filosofların sayı qədər cavab verilə bilər. Fəlsəfə su kimi axıb gedən ömür və zamandan yapışıb, onu saxlamaq olar düşüncəsindən başlayır. Filosofluq da məhz zaman daxilində öz zamanını yaratmaqdan ibarət deyilmi? Bax beləcə, Sokrat dövrü, Platon dövrü, Farabi dövrü və s. kimi zaman adları ilə rastlaşırıq. Antik Yunan filosofu Platon həqiqi filosofu belə təsvir edirdi: “Həqiqi filosof ruhunu zövqlərdən, ehtiraslardan, kədər və qorxulardan gücü çatdığı qədər uzaq tutmalıdır. Fəlsəfə ilə məşğul olanlar bütün fiziki istəklərindən qorunmalıdırlar... Fəlsəfə Allahın işlərinə bənzər işləri etməkdir…”
B.Könüllə tanışlığım haqqında ömür vəfa etsə, nələrsə yazacağam. Amma burada az sözlə çox mətləb bildirmək, mümkün qədər xülasə etməyə, dahi Nizaminin sözü ilə desək “yüzü birə çevirməyə” çalışacağam.
Könül Bünyadzadə təhsildə pillələri ard-arda müvəffəqiyyətlə bitirdiyi kimi, eləcə də elmdə dərəcə və rütbələri qısa müddətdə əxz etmişdir. Könül xanım Bünyadzadə Azərbaycan fəlsəfəsinin inkişafında məxsusi yeri və rolu olan alimlərdəndir. Onun elmi yetkinliyi haqqında geniş yazıya ehtiyac olduğundan, bu haqda yazmağı da gələcəyə həvalə edirəm.
    Mənim B.Könüldə gördüklərim
Mən bəlkə də o xoşbəxt insanlardanam ki, çoxlu görkəmli və məşhur filosof və şəxsiyyətlərlə söhbət etmiş və onların yaradıcılığını yaxından izləmişəm. Onların arasında Könül x. xüsusi yer tutur. Doğrusu Könül x. haqqında yazmaq fikrimdə olub, amma onun haqqında yazmaq həm çətin, həm də mürəkkəb olduğundan həmişə “ya səbir” deyib, sonraya saxlamışam. Lakin hazırda ki, Könül x. “METAFİZİKA” Beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının redaksiya heyətinin sədrliyindən istefa verib, yazmağı özümə börc bildim. Gizlətməyin mənası yoxdur, Könül x.-ın qeyri-adiliyi və qətiyyəti həmişə mənə qəribə görünüb. Əlbəttə buradakı ifadələrin hər birinin izah və nümunələrə ehtiyacı olduğunu düşünür və bilirəm, lakin onların izah və nümunələrini uca Allah nəsib etsə, ətraflı və təfsilatlı qeyd edəcəyəm. Könül x.-ın həyatı, elmi yaradıcılığı, pedaqoji fəaliyyəyi, sosial aktivliyi, təşkilatçılıq bacarığı haqqında da burada yazmaq niyyətində deyiləm. Sadəcə dostluğu və şəxsi keyfiyyətləri haqqında fikirlərimi bölüşəcəyəm. Onun fitri istedadı ilə yanaşı, peşəkarcasına ardıcıl şəkildə işləməsinin çox şahidi olmuşam. Bu həqiqət məhz onu digərlərindən ayırır. Digər bir imtiyazı isə elmi camiədə bir çox hallarda müşahidə edilən “elmi paxıllığın” onda olmamasıdır. Bu təqdirəlayiq xüsusiyyətin onda olması, onu həm öz yaşıdlarından, həm də digər elmli şəxslərdən ayırır və onların fövqündə saxlayır.
Onun elmi uzaqgörənliyi ilə yanaşı elmi səxavəti, zamanın tələblərini bilməsi və nəzərə alması, araşdırmağa öz vaxtı olmadığı mövzuları digərlərinə həvalə etməsi- hansı ki, bəziləri mövzu adlarını belə gizlədirlər- şərq fəlsəfəsi ilə yanaşı qərb fəlsəfəsini də tədqiq və müqayisə etməsi və ələlxüsus irfani mövzulara daha dərindən yanaşması onu fəlsəfə camiəsinin uca zirvəsinə qaldırmışdır. Könül x. öz fərasəti ilə mövzulara yanaşır və özünəxas tədqiqatları ilə fəlsəfi mövzuları araşdırıb və onları təqdim etməyə nail olmuş alimlər sırasındadır.
Bütün bunlarla yanaşı Könül x.-ın mənəvi aləmi də zəngin və el dili ilə desək, uca Allahla raz-niyazı və duası da başqa bir mövzudur. Təsəvvüf dünyasına giriş və “Rabiə əl-Ədəviyyə” kimi ariflərin haqqında əsər yazmaq, daxili aləmin harmoniyası və uyğunluğu olmadan qeyri mümkün olardı.
Könül x.-ın digər səciyyəvi xüsusiyyətlərindən biri də elmi müzakirələri sevməsi və müzakirələrə qoşulmasıdır. İmam Əlidən belə bir rəvayət var ki, “elm müzakirələrdə  artar, bu səbəbdən elmlə məşğul olmaq ibadət sayılır”. Bu fikri sanki daxili tələb və məsuliyyətlə həyata keçirən Könül x. həmdə zehin itiliyi və xüsusi zəkası ilə fərqlənir. Onun böyük fərəh və istəklə seminar və konfranslara qatılmasının çox şahidi olmuşam. Türk dünyasının qibləsi sayılan İstanbulda elmi tədqiqatla məşğul olması və oradakı konfrans və simpoziumlara qatılması bunun bariz nümunəsidir. Onun ailədən gələn nəcibliyi və səmimiyyətinin əsas göstəricilərindən biri də “soruşmaq”dır. Barəsində şübhə ilə yanaşdığı və ya unutduğu məsələni soruşub dəqiqləşdirməsi, onun həqiqət sevdalısı olduğundan da xəbər verir. Mövzu və məsələni, əlahəzrət faktı birinci mənbədən əldə etmək və öyrənmək onda müşahidə etdiyim spesifik xüsusiyyətlərdəndir.
Ümumilikdə Könül x. ölkədə fəlsəfi mövzulara müdaxilə edib, onu istiqamətləndirən xanım filosoflar sırasındadır. Mən öz növbəmdə bütün bunları nəzərə alaraq, müstəqillik dövrü Azərbaycan fəlsəfəsində Könül x.-ı görkəmli filosof xanım kimi qiymətləndirirəm. O artıq müdriklik zirvəsinə aparan yoldadır. Könül x. Bünyadzadəyə gələcək elmi fəaliyyətlərində V.Çörçil demiş “irəliyə davam” arzu edir və uğurlar diləyirəm.
Ələddin Məlikov
https://orcid.org/0000-0001-5830-6764
“Metafizika” Jurnalının baş redaktoru
  • Tarix:2022-01-27